İyunun 25-də Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra Formula-1 Şəhərciyində maraqlı əyləncə proqramı təşkil edilib.
Unikal.orgxəbər verir ki, möhtəşəm
avtomobil yarışında yüksək adrenalin yaşayan azarkeşlər idman mübarizəsindən
sonra gözəl musiqilərin sədası altında əyləniblər. Yarış həftəsonu başa çatarkən
dünyanın ən tanınmış müğənnilərindən olan Meraya Keri əsas səhnədə yer alaraq məşhur
musiqi proqramı ilə Azərbaycan Qran-prisinə yekun vurub.
Dünya pop-ulduzu Meraya Kerinin mahnıları indiyədək ümumilikdə 220 milyondan
çox satılıb. Meraya Keriyə ABŞ-da "Nömrə-1” ünvanını qazandıran 18
mahnıdan 17-sinin sözləri ona məxsusdur. Sahib olduğu beş oktav səs gücü və peşəkar
yanaşması ilə Meraya Keri müasir pop musiqisinə yeni çalarlar gətirib. İfaçı,
mahnı sözlərinin yazıçısı və prodüser kimi çox sayda mükafata, o cümlədən dəfələrlə
"Grammy”, 21 dəfə Amerika Musiqi Mükafatına, "Billboard”ın "Son
onilliyin ən yaxşı müğənnisi”, "Minilliyin ən çox mahnı satan qadın müğənnisi”
ünvanını əldə etdiyinə görə Ümumdünya Musiqi Mükafatına və mahnı sözlərinin
yazılmasında göstərdiyi yüksək peşəkarlığa görə BMI-in "İkona” mükafatına
layiq görülüb.
Formula-1 Azərbaycan Qran-Prisinin əyləncə proqramı möhtəşəm atəşfəşanlıqla
başa çatıb. (Azərtac)