AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyindən bildiriblər. Baş Assambleya ilk dəfə olaraq Azərbaycanın UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa İttifaqı və Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatı (ISESCO) ilə birgə iki ildən bir təşkil etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna aid qətnaməyə ayrıca bir paraqraf həsr edib və Ümumdünya Forumuna mədəniyyətlərarası dialoqun təşviqedici əsas qlobal platforması qismində istinad edib. Bununla əlaqədar, qətnamədə BMT-nin Baş katibi Antonio Quterreşin bu mövzu üzrə məruzəsi xatırladılır. Həmin məruzədə 2008-ci ildən həyata keçirilən "Bakı prosesi”nin mədəniyyətlərarası dialoqun dəstəklənməsinə yönəlmiş səylər çərçivəsində mühüm yer tutması xüsusi qeyd edilir, həmçinin 2017-ci il mayın əvvəllərində Bakıda təşkil olunan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işi barədə ətraflı məlumat verilir. Qətnamə, həmçinin BMT Sivilizasiyalar Alyansının qlobal forumlarında qəbul edilən bəyannamələri, o cümlədən 2016-cı ildə qəbul edilən Bakı Bəyannaməsini alqışlayır. Azərbaycan nümayəndə heyəti bu sənədlə bağlı danışıqlarda fəal iştirak edib və onun həmmüəlliflərindən biri olub.