Ekspertlər bu məsələdə tələsməməyi və daha effektli yol tapmağı təklif edirlər...
Azərbaycanda son zamanlar dəhşətli qətllərin artması ölüm hökmünün də yenidən bərpa olunmasını gündəmə gətirib. Bu barədə müxtəlif ictimai şəxslər, hüquq müdafiəçiləri fikir bildirərək, ölüm hökmünün bərpa olunmalı olduğunu vurğulayırlar.
"Yeni Müsavat”a müsahibəsində hüquq professoru İlham Rəhimov da maraqlı detallara diqqət çəkib. O bildirib ki, Azərbaycanda ölüm hökmünün ləğvi siyasi qərar olub. Sitat: "Avropa strukturları bunu ölkə qarşısında tələb kimi qoymuşdular. İsveçrə də ölüm hökmünü ləğv edib. Ona görə ki, onlarda ağır cinayətlər faktiki olaraq baş vermir - statistikaya baxsaq, sayı ildə bir əlin barmaqlarından da azdır. Azərbaycanda isə ildə 200-dən çox qəsdən adamöldürmə baş verir. Özü də ildən-ilə bu cinayətin qurbanlarının sayı artır. Ancaq statistikada qurbanların sayından asılı olmayaq hər fakt bir cinayət hadisəsi kimi qeydə alınır. Yəni statistikada qurbanlarının sayı 7, ya da 1 olan ağır cinayətlər arasında fərq yoxdur. Əgər qəsdən adamöldürmə cinayətlərinin sayı ümumi cinayətlərin sayında tək-tək rast gəlinsəydi, o zaman ölüm hökmünün geri qaytarılması gündəmə gətirilməzdi. Təəssüf ki, cinayətlərin sayı çoxalır və cəmiyyət buna qarşı tədbir görməlidir. Dediyim kimi, siyasi qərar olduğu üçün Azərbaycan onun nəticələrini dəqiq hesablaya bilməyib. Ona görə də, ölüm hökmünün bərpası istisna deyil”.
Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan sabiq polis rəisi Mahmud Hacıyev bildirib ki, Rusiyada da müxtəlif zamanlarda ölüm hökmünün bərpası məsələsi gündəmə gəlib: "SSRİ-nin zamanında bütün müttəfiq respublikalarda ölüm hökmü var idi. SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən bəzi respublikalar Avropa Şurasına üzv oldular və qanunvericiliyində dəyişiklik etdilər. Avropa tələb etdi ki, ölüm hökmləri də ləğv edilsin. Bundan sonra Azərbaycanda da ölüm hökmünün ləğvi ilə bağlı prosedurlar başladı. İndi də bunun yenidən bərpa olunmasını istəyənlər var. Mən hesab edirəm ki, cəzanın ağır olması cinayətin qarşısının alınmasında elə də rol oynamır. Hər halda Avropada kriminalistlər, hüquqşünaslar bunu müzakirə edib, qərara gəldikdən sonra ölüm hökmünün ləğvi ilə bağlı qənaətə gəldilər, başladılar başqa metodlar axtarmağa. Sovet dövründə belə bir qərar da vardı ki, kimsə hökumətə 10 mindən yuxarı ziyan verirdisə, onu güllələyirdilər. 9 minlik ziyan verən zaman isə həmin şəxsə 10 il iş verirdilər. Təbii ki, bu, absurd yanaşma idi. Ancaq bir məsələ də var ki, Rusiyada ölüm hökmü götürüldükdən sonra mərkəzi şəhərlərdə çox ağır qətl hadisələri baş verib. Qətlərin çoxu da quldurluqla əlaqəli idi. Ölüm cinayətlərinin motivi fərqli olur. Quldurluq, xuliqanlıq, soyğunçuluq, şəxsi qərəzlik və digər motivlər mövcuddur. Rusiyada isə məhz quldurluq motivi ilə adamöldürmə halları çoxalmışdı. Moskva və Sankt-Peterburqun təxminən 100-ə yaxın hüquq professoru prezidentə müraciət etmişdilər ki, qətl hadisələri baş alıb gedir və təcili ölüm hökmünü qaytarmaq lazımdır. O zaman böyük müzakirələr oldu və qənaətə gəldilər ki, başqa metoda əl atsınlar”.
Hacıyev bildirdi ki, doğrudan da son zamanlar Azərbaycanda ağır cinayətlərin sayı artıb: "Cəzanın ağırlaşdırılması bunların qarşısının alınmasında müəyyən rol oynaya bilər. Ancaq düşünmürəm ki, tam olaraq qarşısı alınar. Ümumi təhlillər aparmaq lazımdır və yekun qərarlar verilməlidir. 1948-ci illərdə SSRİ-də cinayət baş alıb gedən zaman cəzanın xüsusi çəkisini artırdılar. Bu, müəyyən qədər müsbət nəticə verdi. İndi isə vəziyyət bir qədər başqadır. Azərbaycanda son 5-10 ildə ağır qətlərin sayı hədsiz çoxalıb. Hər şeyi dərindən təhlil edib, bu hadisələrin nə üçün baş verdiyini araşdırmaq lazımdır. Bax, həmin o səbəbi aradan qaldırmaq gərəkdir ki, niyə cinayətlərin sayı artır. Bu təhlillərdən sonra ölüm hökmü ilə bağlı da yekun qərara gəlmək olar”.
ADP sədri Sərdar Cəlaloğlu isə söylənilənlərin əksini düşünür. O hesab edir ki, ölüm hökmünü bərpa etmək olmaz:"Ölümə cəza kimi baxmaq, ölümün mahiyyətinə uyğun deyil. Yəni ölüm cəza sayılmır,bu, təbii prosesdir. Ölüm cəzasının verilməsi cəmiyyətin gücsüzlüyü, qəddarlığı, zorakılığın dövlət səviyyəsinə qaldırılması deməkdir. Əgər bir insanın islah edilməsinə inanırsansa, cinayətkar cəzaçəkmə müəssisəsinə salıb, onu normal adam edə bilərsən. İsveçdə 75 nəfər adamı öldürən gəncə 25 il iş verdilər. O, artıq cinayətkarlığa qarşı hüquqi mübarizə aparır. Ədalətin qələbəsi budur ki, cinayətkarı həmin cinayətin əleyhinə işləyən insana çevirirsən. Ölüm cəzasında isə cinayətkar məhv olur, cinayət də davam edir. Azərbaycanda ölüm hökmünün bərpsı birincisi Avropa ilə münasibətlərimizin pozulması, bizi Rusiyanın təsir dairəsinə salmaq deməkdir. Bu addım atılacağı təqdirdə eyni zamanda Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının çox ciddi hüquqi və siyasi əsasları hazırlanacaq. Əgər Azərbaycan rəsmən qərar edirsə ki, beynəlxalq hüquq norması olan insan hüquq və azadlıqlarından imtina edir, o zaman heç kim ermənilərə deyə bilməz ki, siz niyə Dağlıq Qarabağda azərbaycanlılarla yaşamırsız? İkincisi də ölüm hökmü bərpa olunarsa, Dağlıq Qarabağ erməniləri deyəcəklər ki, niyə biz antihumanist hakimiyyətə tabe olmalıyıq. Düşünürəm ki, bu məsələ həm də iqtidardaxili münaqişədən doğan hallardır. Azərbaycan müxalifəti və xalqı bu hadisələrlə bağlı öz mövqeyini ifadə etməlidir. Çünki söhbət Azərbaycan xalqının başına nələrin gələ biləcəyindən gedir. Ölüm hökmünün bərpası və Avropa Şurasından çıxmaq Dağlıq Qarabağın itirilməsinə, Azərbaycanın Avropadan uzaqlaşmasına, Qərb dünyasında təklənməmizə, strateji müttəfiq kimi Türkiyədən qopmasına və sairə kimi məsələlərə gətirib çıxara bilər. Bu isə Azərbaycanın İran və Rusiyanın təsir dairəsinə düşməsi deməkdir. Ona görə də mən ölüm hökmünün bərpa olunması ilə razı deyiləm”.